Mərkəzi Bank: Hökumət Ödəniş Portalı ilə 2 mlrd manatlıq ödəniş edilib

14:16 - 4.08.2021


4 avqust, Fineko/abc.az. Büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması üçün yaradılmış Hökumət Ödəniş Portalına (HÖP) indiyə qədər 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1 438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub.

Bu barədə ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 900-dən çox xidmət üzrə ödənişlərin toplanması təmin olunur.

Bu xidmətlər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır. 2021-ci ilin altı ayı ərzində HÖP-də 1.9 mlrd. manat (ondan 55%-i nağdsız) həcmində 30.5 mln. ədəd ödəniş tranzaksiyası emal olunub.

 

Bütün xəbərlər