Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"

16:33 - 5.08.2021


5 avgust, Fineko/abc.az. “Toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimova deputat maaşı veriləcək”.

ABC.AZ reporta-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, E.Səlimovun toxunulmazlığı ləğv edilib, amma mandatı alınmayıb: “Buna görə də ona deputat maaşı veriləcək. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa onun deputat səlahiyyətlərinə xitam veriləcək və Eldəniz Səlimova maaş verilməyəcək”.

İntizam komissiyanın katibi onu da bildirib ki, E.Səlimova deputatlıq səlahiyyətləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq olunmayıb: “Sadəcə onun toxunulmazlığı əlindən alınıb”.

Qeyd edək ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Xatırladaq ki,Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər