Sabiq nazir müavini Rafiq Bayramovun məhkəməsi keçirilib

15:32 - 10.08.2021


10 avgust, Fineko/abc.az. Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xəbər verilir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxs barəsində təqdim olunan ittihamlarla razı deyillər. Hüquq müdafiəçisi sabiq nazir müavinin əməkhaqqı hesabına qoyulan həbs götürülməsini istəyib.

Rafiq Bayramov son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı R.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb.

Xatırladaq ki , Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə mədəniyyət nazirinin müavini Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Zakir Sultanovun cinayət işi ayrıca icraata ayrılıb.

Bütün xəbərlər