330x110
 

Vüqar Bayramov: Laçın aeroportu Azərbaycan məhsullarının dünya bazarına çıxarılması baxımından əhəmiyyətlidir

20.08.2021,10:18


20 avqust, Fineko/abc.az. Laçında inşa ediləcək beynəlxalq hava limanı Azərbaycan və eləcə də işğaldan azad olunmuş ərazilərimiz üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu liman beynəlxalq statusda olacaq və imkan yaradacaq ki, turistlər həmin ərazilərə səfər etsinlər.

ABC.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki,“Bütövlükdə Şərqi Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensialı var və bu, qeyri-neft sektorunda yeni məhsulların istehsalına imkan verəcək. Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə etmək üçün, həmçinin sənaye və kənd təsərrüfatı məhsullarının daha böyük bazarlara və dünya bazarına çıxarılması baxımından yeni aeroportun inşa edilməsi, istifadəyə verilməsi çox vacibdir”, - deyə V.Bayramov vurğulayıb.

Kəlbəcərin turizm potensialından danışan deputat qeyd edib ki, yol infrastrukturunun qurulması ilə rayonun bu sahədə imkanları daha da artacaq: “Ümumiyyətlə, Kəlbəcər Cənubi Qafqazda fasiləsiz turizm xidməti təklif edəcək az saylı bölgələrdən biridir. Burada yay, qış, tarixi, mədəni, sağlamlıq turizmi xidmətləri və imkanları var. Yol infrastrukturunun formalaşması daxili turizmin və gəlmə turizmin inkişafına təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə yeni infrastruktur layihələri bölgənin və Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək. Növbəti dövrdə işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan iqtisadiyyatının inkişafında yeni drayverə çevriləcək”.