330x110
 

28 il ərzində Minsk qrupu çox imkanları əldən verib - İlham Əliyev

24.08.2021,16:21


24 avgust, Fineko/abc.az. İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq. BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən deyib.

O bildirib ki, beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi: “Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və yəqin sizin də bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib".