Azərbaycan və Hindistan xarici işlər nazirlərinin görüşü keçirilib

10:19 - 5.04.2018


5 aprel, Fineko/abc.az. Aprelin 4-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Hindistanın xarici işlər naziri xanım Suşma Svaracın görüşü baş tutub.

Görüşdə Elmar Məmmədyarov və Suşma Svarac “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” imzaladılar. Həmçinin görüşdə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan xarici işlər nazirinin katibi Ruçi Qranaşyam imzalayıblar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanla Hindistan arasında tarixi əlaqələr mövcuddur. Bugünkü görüşdə ticarət, elmi, mədəni, energetika və digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı və kadrların hazırlanması məsələləri də müzakirə olundu. Hindistanın xarici işlər naziri  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlandırıldı. Hindistan, həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də bəzi beynəlxalq sənədlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.

Nazir görüşdə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin qərara alındığını da qeyd edib. O əlavə edib ki, Hindistan tərəfi hökumətlərarası komissiyanın növbəti iclasının bu ilin mayında Dehlidə keçirilməsini təklif edib. “Şimal-Cənub nəqliyyat marşrutlarına böyük əhəmiyyət veririk. Hindistan tərəfi buna maraq göstərir. Hindistan şirkətləri Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyur”, - deyə o bildirib.

Nazir Suşma Svarac görüşün məhsuldar keçdiyini, ikitərəfli əməkdaşlığın inkişafına, eləcə də beynəlxalq, regional məsələlərə dair müzakirələrin aparıldığını deyib. O bildirib ki, Hindistan Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır. Əsrlərboyu mədəni mübadiləmiz münasibətlərimizin inkişafına töhfə verib. Son illərdə Azərbaycana qoyulan sərmayələrin xeyli artdığını vurğulayan nazir görüşdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb.

Suşma Svarac qeyd edib ki, Hindistan infrastruktur, biznes və təhsilin inkişafında maraqlıdır. Azərbaycan birgə müəssisələrin yaradılması, dərmanların istehsalı üçün Hindistandan mütəxəssislər dəvət edib. “Biz nəqliyyat dəhlizlərinin yaradılmasında da maraqlıyıq. Energetika sahəsində tərəfdaşlıq etməkdən məmnunuq”, - deyə o bildirib.

Xanım nazir deyib ki, Hindistan terroru qlobal təhlükə hesab edir, terrorizmə qarşı mübarizə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. O, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə uğurlu nəticələr əldə edəcəyinə ümidvar olduğunu bildirib.

 

Bütün xəbərlər