Sizdən əvvəl bu vəzifələrdə çalışanlar şəxsi mənafelərini güdürdülər - Prezident

14:53 - 14.09.2021


 14 sentyabr, Fineko/abc.az. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bunu Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, heç kimdə immunitet yoxdur və ola bilməz. "Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi" deyə Prezident vurğulayıb.

Bütün xəbərlər