Əkin sahəsinə dəyən zərərə görə fermerə ilk sığorta ödənilib - 3700 manatdan çox pul

15:15 - 23.09.2021


23 sentyabr, Fineko/abc.az. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahəsinə dəyən zərərlə bağlı ilk sığorta ödənişi həyata keçirilib.

Aqrar Sığorta Fondundan ABC.AZ-a verilən məlumata görə, sığorta ödənişi İsmayıllı rayonunun Mücü-Həftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib.

Fermerin 4 hektarlıq üzüm bağının 2 hektarı Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. İyun ayında İsmayıllı rayonunda yağan dolu təsərrüfata ciddi zərər vurub, məhsul tamamilə korlanıb. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb, hava şəraiti və digər məsələlərlə bağlı sənədləşdirmə işləri həyata keçirilib. Nəticədə Aqrar Sığorta Fondunun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3780 manat məbləğində sığorta ödənişi fermer Arif Niftəliyevin bank hesabına köçürülüb.

 

Bütün xəbərlər