Prezident BMT-də ötən il Ermənistanın hansı formada təcavüz etməsinə toxundu

10:40 - 24.09.2021


24 sentyabr, Fineko/abc.az. Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı qeyd edib. Dövlət başçısı bildirib ki, 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi.

"Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək, Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı. Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışımda mən xəbərdarlıq etmişdim ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir” deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər