Prezident “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub

12:27 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Oktyabrın 4-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

ABC.AZ xəbər verir ki, dövlətimizin başçısına sənaye parkı haqqında məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur.

Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

 

Bütün xəbərlər