330x110
 

Sahibkarlar həyəcan təbili çalır - Nazirlik etirazlara reaksiya verdi

11.10.2021,09:55


11 oktyabr, Fineko/abc.az. Bir müddətdir pandemiyanın səngiməsinə baxmayaraq hələ də iqtisadiyyatın bir sıra sektorlarında sahibkarlar üçün çətinliklər qalmaqdadır. Belə ki, alkoqollu içkilərin idxalçıları iki aydır ki, Azərbayacan Respublikası Maliyyə nazirliyindən aksiz markası ala bilmir. Mövcud qanunvericiliyə uyğun olaraq aksiz markası olmadan alkoqollu içkilərin idxalı qadağandır.

Bununla bağlı ABC.AZ-a narazılıqlarını bildirən sahibkarlar məsələ ilə heç bir qurumun maraqlanmadığını və bunun davam etməsini onların biznesinə ciddi mənfi təsit etdiyini qeyd ediblər.

Onlar iddia edir ki, Azərbaycanda idxal üçün alkoqollu içkilərə tətbiq edilən aksiz markaları bitib. “Maliyyə nazirliyi sahibkarları aksiz markaları ilə təmin edə bilmir. Bu isə bizim alkaqollu içkilər idxal etməyimizdə problem yaradır. Belə olan təqdirdə büdcəyə daxilolmalar da azalacaq” deyə iş adamları bildirib. ABC.AZ olaraq məsələ ilə bağlı Maliyyə nazirliyinə sorğu göndərdik. Nazirliyin mətbuat katibliyindən sorğumuza cavab olaraq qanunvericiliyin tələbləri xatırladılıb və qeyd olunub ki, alkoqollu içkilərin və tütün məmulatlarının cari il üzrə proqnozlaşdırılmış istehlakına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən sifariş olunmuş aksiz markalar tam həcmdə nazirliyə müraciət etmiş hüquqi şəxslərə müəyyən olunmuş qaydalar əsasında çatdırılıb və hazırda sərbəst aksiz marka ehtiyatı yoxdur. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan sahibkarları tərəfindən ölkəmizə 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edilib. Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-ini təşkil edib. Nəzərə alsaq ki, pandemiyanın olduğu bir müddətdə sahibkarlar tərəfindən yuxarıda göstərilmiş dəyərdə aksizli alkaqollu içkilərin idxalı həyata keçirilib, bu o deməkdir ki, aidiyyəti qurumlar vaxtında lazımi tədbirləri görsəydi iş adamları iqtisadiyyatımıza daha çox töfhə vermiş olardılar. Bildiyiniz kimi isə hazırda pandemiya tədricən yumşalır və indiki dönəmdə aksiz markaların olmaması sahibkarların əlinin-qolunun bağlanması deməkdir.

Müəllif: Elmir Murad