On ayda vergi daxilolmaları bu qədər olub - Hesabat

10:38 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti vergi daxilolmaları və sosial sığorta ödəmələri sahəsində əldə olunan nəticələr haqqında məlumat yayıb.

ABC.AZ xəbər verir ki, xidmətin yaydığı məlumatda qeyd edilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vergi daxil olub, proqnoza 120,2 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 12 faiz və ya 681,6 milyon manat artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 706,7 milyon manat olub, proqnoza 114,9 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 609,6 milyon manat daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 10,4 faiz və ya 442,7 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz artaraq 3 milyard 600,3 milyon manat təşkil edib.

Regionlar üzrə daxilolmalar 700,9 milyon manat olmaqla, proqnoz 115,7 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 6,3 faiz artıb. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər