330x110
 

Sistemi çökən "Kontakt Home" yoxsa yeni maxinasiya? – İddia

19.10.2021,14:02


19 oktyabr, Fineko/abc.az. "Kontakt Home" mağazalar şəbəkəsinin bəzi müştəriləri kreditlərinin ödəniş vaxtı yaxınlaşsa da bunu həyata keçirə bilmədiklərini iddia edirlər.

Belə ki, mağazadan hər hansı məhsul alan müştərilər paypoint aparatlarından dəfələrlə cəhd etmələrinə baxmayaraq ödənişi həyata keçirə bilmir.

Ödənişdə çətinlik təkcə paypoint aparatlarında deyil, o cümlədən onlayn formada da bunu həyata keçirmək mümkün olmur.

ABC.AZ xəbər verir ki, problemlə bağlı şirkətin "call center"indən bildiriblər ki, kredit kodları dəyişdirildiyindən ödənişləri həyata keçirməkdə çətinlik yaranıb.

Kodları dəyişdirən şirkət bu barədə nədənsə müştəriyə məlumat verməyə də tələsməyib.

Görəsən bu kimə sərf edir? Məsələ burasındadır ki, müştəri kreditə telefon götürəndə ona ödənişin bir gün gecikdirilməsi zamanı hər gün 50 qəpik faiz gələcəyi bildirilir.

İndi bu kodların dəyişdirilməsinin və bu barədə müştəriyə məlumat verilməməsinin əslində məntiqlə kimə sərf elədiyi məlum olur. Bu sadəcə bir ehtimaldır. Ya şirkət bunu məqsədli edir, ya da bu "Kontakt Home"un məsuliyyətsizliyindən irəli gəlir. Onu da qeyd edək ki, bu "Kontakt Home"la bağlı ilk narazılıq deyil.

Belə ki, bir müddət əvvəl şirkət şəhid Şirəli Adilovun Vətən müharibəsindən əvvəl aldığı çarpayını qəhrəmanımızın evindən aparmasına görə gündəm olmuşdu.

Bu barədə şəhidin anası məlumat vermiş, məsələ ictimailəşdikdən sonra şirkət qınaq obyektinə çevrilmişdi.

Müəllif: Elmir Murad