330x110
 

“Azərtütün” özəlləşdirilməyə çıxarılıb

22.10.2021,15:46


22 oktyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti “Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.

Xidmətdən ABC.AZ-a bildirilib ki, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 17 milyon 281 min 464 manat olan 8 milyon 640 min 732 səhmi satışa çıxarılıb. Müəssisənin 1 milyon 644 min 616 manat öhdəlikləri və 63 min 360 manat debitor borcları var.

Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar 8 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqə qalibi Səhmdar Cəmiyyətin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 6 milyon 300 min manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.

Qeyd olunur ki, iddiaçıların ərizə və təkliflərinin qəbulu 2021-ci il noyabrın 17-dək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq.