Lisey direktoru 69 min manatdan çox pul mənimsəyib - Cinayət işi açıldı

16:51 - 12.11.2021


12 noyabr, Fineko/abc.az . Tovuz Peşə Liseyinin direktoru barəsində istintaq yekunlaşdırılıb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, Liseyin direktoru Tanırverdi Tanırverdiyev lisey müəllimlərinin 2017-2021-ci illər ərzində faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəyib.

Onun bir nəfər şəxsi həmin liseyə işə qəbul etmək üçün 2 min 500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bütün xəbərlər