330x110
 

Dövlət Azərbaycanda ekosistemin yaxşılaşmasını xüsusi diqqət mərkəzində saxlayır - Ekspert

17.11.2021,16:34


17 noyabr, Fineko/abc.az. Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir. Bundan əlavə, layihədə istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. 

Məsələni ABC.AZ-a şərh edən ekspert Eldəniz Cəfər hesab edir ki, dövlət Azərbaycanda ekosistemin yaxşılaşması, ekoloji tarazlığın qorunub saxlanması, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsini xüsusi diqqət mərkəzində saxlayır.

Onun sözlərinə görə, bu və digər vacib məqsədlərə çatmaq üçün dövlətin təşəbbüsü ilə “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Sərhəddə ticarət” işçi qrupunun “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun icaslarında ekoloji təmiz nəqliyyata keçidin dəstəkləyici tədbirləri müzakirə olunub: "Bir sıra nazirliklərin də qatıldığı tədbirlərdə “Dövlət-Biznes Dialoqu” çərçivəsində özəl sektorun bu sahədə daha aktiv fəaliyyətinin vacib olduğu vurğulanıb. Müzakirələrdə bu istiqamətdə sinerjiyə nail olamaq üçün konseptual yanaşma təklif olunur".

Müəllif: Elmir Murad