330x110
 

Ekoloji təmiz nəqliyyata keçid

17.11.2021,15:03


17 noyabr, Fineko/abc.az . Azərbaycan mediasında ötən həftə yayılan xəbərə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir. Bundan əlavə, layihədə istehsal tarixi üç ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Məsələnin gündəmə gəlməsi ondan xəbər verir ki, dövlət Azərbaycanda ekosistemin yaxşılaşması, ekoloji tarazlığın qorunub saxlanması, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsini xüsusi diqqət mərkəzində saxlayır. Bu və digər vacib məqsədlərə çatmaq üçün dövlətin təşəbbüsü ilə  “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Sərhəddə ticarət” işçi qrupunun “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun icaslarında ekoloji təmiz nəqliyyata keçidin dəstəkləyici tədbirləri müzakirə olunub. Bir sıra nazirliklərin də qatıldığı tədbirlərdə “Dövlət-Biznes Dialoqu” çərçivəsində özəl sektorun bu sahədə daha aktiv fəaliyyətinin vacib olduğu vurğulanıb. Müzakirələrdə bu istiqamətdə sinerjiyə nail olamaq üçün konseptual yanaşma təklif olunur:

-           Cəmiyyət (Insanları ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçmək üçün motivasiya etmək və maarifləndirmək),

-           Hökumət (dövlətin dəstəyi ilə elektrik və hibrid avtomobillərinə vergilərin və rüsumların azaldılması ilə dəstəkləyici, istismar müddəti bitmiş avtomobillər üçün məhdudlaşdırıcı tədbirlər həyata keçirmək),

-           Özəl sektor (elektrik və hibrid avtomobillərin satışı, sonrakı texniki xidməti və s. kimi proseslərin təkanı ilə hökumətə və cəmiyyətə dəstək olmalıdır. Qeyd olunan sahələrdə  vergi şəffavlığı nəticəsində həm dövlət, həm də vətəndaş faydalanır),

-           Bank sektoru (aşağı faiz dərəcələri və güzəştli ilkin ödənişlərlə banklar istehlakçılara və biznesə dəstək ola bilər və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin satışını təşviq edə bilər),

-           İnfrastruktur (Elektrik enerji doldurucu məntəqələrinin artırılması və enerji satışının tənzimlənməsi),

-           Ekologiya (ekoloji tədbirlər havanın çirklənməsinin azalmasına tövfə verəcək və şəhər mühiti bundan faydalanacaq.).

Azərbaycanda ekoloji təmiz nəqliyyata keçidi vahid konsepsiya halında mərhələ ilə həyata keçirmək mümkündür. Bu çoxşaxəli konsepsiya bütöv bir sinerji kimi hökumətin qanunlar və güzəştlərlə dəstəyi, cəmiyyətin maarifləndirilməsi və mütəmadi məlumatlandırılması, özəl sektorun ivestisiya yatırımları kimi stimullaşdırıcı kampaniyalarından ibarət ola bilər.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi” prioritetlərdən biridir. Prioritetlər toplusunda qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir.

Dünyanın inkişaf etmiş ölkələrində artıq illərdir ki, iri şəhərlər sağlam həyat tərzinə keçiblər. Məqsəd ətraf mühitə vurulan zərəri minimuma endirmək, sakinlərin təmiz ətraf mühitdə yaşayıb-yaratmasına nail olmaqdır. Ekoloji təmiz hibrid avtomobillərin dövriyyədə artması və daxiliyanma mühərrikli maşınların azalması nəticəsində Yaponiyanın paytaxtı Tokioda havanın çirklənməsi artıq demək olar ki, müşahidə olunmur. Bu gün Azərbaycanda ekoloji təmiz nəqliyyata keçidin ekologiyaya, insan sağlamlığına müsbət təsirlərini Yaponiya misalında göstərmək olar. Dünyanın iri neft-qaz ölkəsi olan Norveç Avropa ölkələri arasında ekoloji təmiz avtomobillərin sayının ən çox sürətlə artdığı dövlətdir. Azərbaycanın da neft-qaz ölkəsi olaraq ekoloji təmiz nəqliyyta keçidi regionda nümunəvi addım ola bilər.