Xətai rayonunda su təchizatı sistemləri yenilənir

10:25 - 30.11.2021


30 noyabr, Fineko/abc.az.  Çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemlərinin yenidən qurulması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb. 

ABC.AZ xəbər verir ki, layihə Xətai rayonunda sovet dövründə tikilmiş 22 çoxmənzilli yaşayış binasını əhatə edir. Bu məqsədlə 1516 mənzilə sayğacın quraşdırılması nəzərdə tutulur. Qısa müddət ərzində 520-dən çox mənzilə yeni birləşmə verilərək sayğaclar  quraşdırılıb. 

Eyni zamanda həmin ərazidə məhəllədaxili su xətləri yenilənir. Layihəyə əsasən, məhəllələrdə ümumi uzunluğu 3400 metr olan  paylayıcı su  xətləri çəkilir və indiyədək işlərin 30 faizi yerinə yetirilib. 

Qeyd edilir ki, binadaxili su təchizatı sistemləri 2013-cü ildən “Azərsu” ASC-nin balansına verilib və ötən dövrdə dövlət investisiyaları hesabına Abşeron yarımadası və regionlarda 6000-dən artıq çoxmənzilli yaşayış binasıın daxili su təchizatı sistemləri yenidən qurulub.

Bütün xəbərlər