Qarabağ Dirçəliş Fondunun gələcək strategiyası hazırlanır

03.12.2021,15:24


3 dekabr, Fineko/abc.az. Hazırda Qarabağ Dirçəliş Fondunun gələcək strategiyasının hazırlanması üzərində iş gedir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, strategiya yaxın günlərdə Müşahidə Şurasının müzakirəsinə çıxarılacaq.

R.Hacıyev bildirib ki, Qarabağa böyük qayıdış dayanıqlı olmalıdır:

"Azərbaycanın gələcəyi dayanıqlı gələcəkdir. Böyük qayıdış dayanıqlı məskunlaşmadan, iqtisadi reinteqrasiyadan asılıdır. Bütün bu prinsiplərin əsasında dayanıqlılıq durur. Dayanıqlılıq da birbaşa insan kapitalı, ətraf mühit və düzgün idarəçilik prinsipi ilə əlaqəlidir".