Daha bir neçə müəssisəyə Rusiyaya alma və pomidor ixrac etmək icazəsi verildi

06.12.2021,16:00


6 dekabr, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan mütəmadi danışıqlar, öz müsbət nəticəsini verməkdədir.

Belə ki, Agentliyin əməkdaşları tərəfindən pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqlərin nəticələri, məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaq protokolları və monitorinq aktlarının təhlili və AQTA-nın zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 2021-ci il 6 dekabr tarixindən etibarən daha 7 müəssisədən pomidor, 5 müəssisədən isə alma ixracına icazə verilib. Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 212 pomidor, 76 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib.