XİN Fransa prezidentliyinə namizədin Xankəndiyə səfərini pislədi

23.12.2021,17:19


23 dekabr, Fineko/abc.az. 2021-ci ilin 22 dekabr tarixində Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

ABC.AZ xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.

Bununla əlaqədar, Fransanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa Səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.