Heyvanların identifikasiyası aparılacaq - Yeni sistem

11:56 - 27.12.2021


27 dekabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə heyvanların identifikasiyası və qeydiyyatı davam etdirilir.

AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, 2021-ci il 15-27 dekabr tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 6829 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib.

İdentikləşdirilən heyvanlardan 1417-si Bakı şəhəri, 5412-si isə Sumqayıt şəhərinin payına düşür. Məlumatda qeyd edilib ki, ölkəmizdə yaradılan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir.

Bu sistemin tətbiqi ilə heyvanların genetik məlumatlarının izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, baytarlıq-sanitariya və heyvan sağlamlığı ilə bağlı digər zəruri tədbirlərin tənzimlənməsi əsasında ölkəmizin müasir qida təhlükəsizliyi standartına inteqrasiyası təmin ediləcək.

 

Bütün xəbərlər