Şəkidə dağ gəzinti marşurutları istifadəyə verildi - Foto

14:47 - 29.12.2021


29 dekabr, Fineko/abc.az. Şəki şəhərində turistlər üçün dağ gəzinti marşrutları istifadəyə verilib.

Azərbaycan Turizm Bürosundan ABC.AZ-a daxil olan məlumata görə, Şəki Destinasiya Menecmenti Təşkilatı 2020 və 2021-ci illər ərzində başlatdığı uzunluğu ümumilikdə 26 km olan və 4 fərqli istiqamətləri özündə birləşdirən yürüş cığırlarının (haykinq) işarələnməsini başa çatdırıb.

Birinci mərhələdə Yuxarı Karvansaray ilə “Güllütəpə” adlanan ərazini birləşdirən qədim cığır yolu işarələnib, ikinci mərhələdə isə Xan Sarayı ilə Xan yaylağı və Qurcana şəlaləsini birləşdirən dağ marşrutu işarələnərək istifadəyə verilib.

Turistlər bu marşrutlar üzərindən Şəki mənzərəsinin göründüyü nöqtələri, saxsıdan köhnə taclıq su yolunu və Şəki mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik olan sarağan ağaclarını müşahidə etmək imkanı əldə edəcəklər.

Yürüş marşrutları Şəkinin gediş və dönüş istiqamətlərində quraşdırılıb.

Regionun digər dağ cığırları üzrə həyata keçirilən işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

 


Bütün xəbərlər