Un və çörəyin qiyməti belə tənzimlənəcək - Qiymətlər

12:33 - 6.01.2022


6 yanvar, Fineko/abc.az. Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparmış və prosesin nəzarətdə saxlanılması təmin edilib.

Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilmişdir: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.

Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.

Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ərzində ictimaiyyətə açıqlanacaqdır.

 

Bütün xəbərlər