İmkan yarandıqca biz əlavə yığılmış vəsaiti sosial məsələlərə yönəldəcəyik - İlham Əliyev

11:04 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq.

ABC.AZ-ın məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev yanvarın 12-də yerli telekanallara verdiyi müsahibədə deyib.

Ölkə başçısı qeyd edib ki, insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir.

“Digər instrumentlər var və biz onlardan istifadə edirik. Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni, əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir”, - dövlət başçısı əlavə edib.

 

Bütün xəbərlər