Qarabağa səfər etmək istəyənlər üçün portal yaradıldı – Detallar

11:24 - 18.01.2022


18 yanvar, Fineko/abc.az. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sərnişin marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək. Sərnişinlər getdikləri gün geriyə dönəcək.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda video təlimat nümayiş olunacaq.

Avtobuslar konkret marşrut üzrə hərəkət edəcəklər. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə biləcəklər. Bu məqsədlə "yolumuzqarabaga.az" portalı da yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib.

Qeyd edək ki, məlumat bazasında hər bir sərnişinin bu ərazilərə daxil olmaları üçün xüsusi icazəsi, həmçinin COVID-19 əleyhinə peyvənd olunmaları barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.

Xatırladaq ki, azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.

 

Bütün xəbərlər