Bakıda tikinti şirkətinin işi dayandırıldı - FHN əməkdaşları işə müdaxilə etdi

18.01.2022,12:31


18 yanvar, Fineko/abc.az. Bakıda tanınmış tikinti şirkətində qayda pozuntusu aşkarlanıb.

Bu barədə ABC.AZ-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsində yaşayan vətəndaş FHN-in “112” qaynar telefon xəttinə müraciət edərək yaşadığı fərdi yaşayış evinə yaxın ərazidə “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri zamanı krandan təhlükəli istifadə edildiyini bildirib.

Müraciət əsasında FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən əraziyə baxış keçirilib.

Müəyyən edilib ki, həqiqətən də Mayakovski küçəsində “Luxe Home” MTK tərəfindən aparılan tikinti işləri ilə əlaqədar kranın istismarı zamanı müvafiq təhlükəsizlik qaydalarının pozulmasına, o cümlədən kranın qolunun ətrafdakı evlərin üzəri ilə hərəkət etməsinə yol verilir ki, bu da insan həyatı və sağlamlığı, habelə ətrafdakı tikililər üçün real təhlükə yaradır.

Qeyd olunanlar nəzərə alınaraq, Agentiyin mütəxəssisləri tərəfindən qülləli kranın istismarı dayandırılıb.