Neftin qiymətləri qalxanda dövlətin qazancı artır - Ekspert

19.01.2022,16:12


19 yanvar, Fineko/abc.az. “Neftin qiymətləri qalxanda dövlətin qazancı artır. Yəni dövlətin gəliri çoxdur, manat stabildir. Manata təlabat yarandıqda dövlət əlavə olaraq ehtiyatlardan istifadə edərək onu stabil saxlaya bilər”.

ABC.AZ xəbər verir ki, bunu Neft-qaz araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban Azərbaycan neftinin bir barrelinin qiymətinin 90 dollara çatmasının ölkə iqtisadiyyatına faydalarından danışarkən deyib.

İ. Şaban bildirib ki, ötən il Azərbaycan neftinin orta ixrac qiyməti 71 dollar olub:

“Bu 71 dollar hesabına İqtisadiyyat Nazirliyinin açıqladığı rəqəmə görə, dövlət büdcəsinə 2,1 milyard manat neft sektorundan vəsait daxil olub. Faktiki olaraq büdcə ilə bağlı verilən proqnozlarda 50 faizdən çox neft sektorundan gəlir əldə edilib. İkincisi, əgər 2020-ci ildə Dövlət Neft Fonduna cəmi 4 milyard neft-qazdan vəsait daxil olmuşdusa, indi təkcə “Azəri-Çıraq-Günəşli” yatağından 6 milyard vəsait daxil olub. Yəni neftin qiymətinin yüksək olması birmənalı şəkildə ölkəyə valyuta axınının gəlməsinin artımına gətirib çıxarır. Beləliklə, neftin qiymətləri qalxanda dövlətin qazancı artır. Yəni dövlətin gəliri çoxdur, manat stabildir. Manata təlabat yarandıqda, əlavə olaraq ehtiyatlarından istifadə edərək onu stabil saxlaya bilər”.