Artıq qatarlar Cəbrayılın Mahmudlu stansiyasına qədər işləyəcək - Yeni layihə

25.01.2022,11:01


25 yanvar, Fineko/abc.az. Zəngəzur dəhlizinin mühüm hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb.

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan ABC.AZ-a verilən məlumata görə, işğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 km-lik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb.

Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.

Birinci mərhələ üzrə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, həmçinin 40 suötürücü boru, 9 körpü, 2 heyvan keçidi, 52 ehtiyat keçidi tam tikilib.

Yolun 23 km-lik hissəsində üst quruluşu elementləri quraşdırılıb.

Bununla da Füzulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarların hərəkəti üçün zəruri şərait yaradılıb. Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaşdırılıb.