Çörəyin qiyməti yenə bahalaşıb? - Dövlət Xidmətindən açıqlama

12:36 - 26.01.2022


26 yanvar, Fineko/abc.az. Azərbaycanda çörək və unun qiymətinin artması ilə bağlı Dövlət Xidmətinə 36 müraciət daxil olub, müraciətlərə qanunamüvafiq qaydada baxılması təmin edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır:

“Ölkədə satılan unun və çörəyin qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğun olaraq, bazar prinsipləri əsasında yenidən formalaşır. Mövcud qiymət dalğalanması şəraitində ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində, unun və digər çörək növlərinin isə qiymətində əsassız dəyişikliyin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunması məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək”.

 

Bütün xəbərlər