Turistlərin rayonlara marağı artırılmalıdır - Deputat çıxış yolu göstərir

07.02.2022,15:23


7 fevral, Fineko/abc.az. 2021-ci ilin son aylarında ölkəyə gələn turistlərin sayının artması bu il Azərbaycana daha çox turistin gələcəyinə inam yaradır.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Dövlət Statistika Komitəsinin 2021-ci ildə 414,2 min xaricinin Azərbaycan hotellərində gecələməsi ilə bağlı məlumatını şərh edərkən deyib.

Deputat bildirib ki, hotellərdə gecələyən əcnəbilərin 15,5 faizi Türkiyə, 11,0 faizi Rusiya, 9,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,1 faizi Böyük Britaniya, 3,8 faizi İsrail, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi ABŞ, 2,8 faizi İtaliya, 2,7 faizi Almaniya, 2,0 faizi Qətər, 1,9 faizi Hindistan, 1,5 faizi Ukrayna, 1,4 faizi Niderland, 1,2 faizi Qazaxıstan, 1,2 faizi İran,1,1 faizi Belarus, 1,1 faizi Küveyt, 1,0 faizi Gürcüstan, 1,0 faizi Fransa, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb: "Burada diqqəti çəkən digər məqam əcnəbi turistlərin daha çox Bakı şəhərinə üstünlük verməsidir.

Ötən il ölkəyə gələn turistlərin böyük əksəriyyəti rayonlara səfər etməyərək paytaxtda gecələyiblər. Belə ki, əcnəbilərin 81,1 faizi Bakı, 6,6 faizi Qəbələ, 3,0 faizi Qusar, 2,6 faizi Quba, 1,9 faizi Naftalan, 1,7 faizi Naxçıvan Muxtar Respublikası, 1,6 faizi Şabran, 1,5 faizi isə digər şəhər və rayonlarda yerləşən hotellərdə qalıblar. Bu isə o deməkdir ki, 2021-ci ildə ölkəyə gələn hər 10 turistdən cəmi 2-si rayonlara üz tutub.

Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var”.