Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

17:23 - 30.04.2018


30 aprel, Fineko/abc.az.  Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb.

Baş prokurorluğun məlumatında deyilir ki, qanunsuz dövriyyə ilə, xüsusilə ilə, 11 ünvana dərmanların çatdırılması ilə “Sanimed” MMC və “Epidbiomed” MMC  məşğul olurdu.

“Toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal etmişlər. Bu preparatların qiyməti orijinal preparatların dəyərindən dəfələrlə yüksəkdir”, - məlumatda belə deyilir.

Qeyd edilir ki,  cinayət işinin iştirakçıları aldatma yolu ilə təxminən 100 həkimin vasitəsi ilə satışa nail olmuşdur. Həmçinin, qeydiyyatdan keçməmiş dərmanların ölkəyə gətirilməsinin faktları da aşkar edilmişdir.

“Müəssisələrin inzibati binalarında, ofislərində və apteklərində aparılmış axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməmiş 38 min manat dəyərində 37 adda, 15385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılmışdır.

Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilmiş, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır”, - deyə məlumatda bildirilir.

Baş Prokurorluğun materiallarında həmçinin göstərilir ki, həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydlər aşkar olunub. Həmçinin, “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunmuşdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələrinə əsasən, Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədov saxlanılmışdır.

Hazırda cinayətin törədilməsində iştirakı olan digər şəxslərin aşkar edilməsi üzrə istintaq davam edir.

 

Bütün xəbərlər