330x110
 

Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festivalda ölkəmiz təmsil olunub

02.05.2018,14:58


Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq  keçirilən “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festivalda Azərbaycan təmsil olunub.

Festival çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinə otaqlar ayrılmış və hər bir ölkə öz mədəniyyətini, sənətini, adət və ənələrini nümayiş etdirib.

Öncə tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festival haqqında danışaraq, gələcəyin mütəxəssisləri olan tələbələrə dünya xalqlarının mədəniyyətləri, incəsənəti, adət və ənənələri ilə tanış olmaq və bu mövzuda öz dünya görüşlərini artırmaq üçün tədbir əlavə imkanlar yaratdığını qeyd edib.

Tədbirdə bir neçə xarici ölkənin təmsilçisinə fəal əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzi də xüsusi diplomla təltif edilib.

Festivalda Azərbaycan stendini Özbəkistandakı Heydər Əliyev Azərbaycan  Mədəniyyət Mərkəzi təşkil edib.

Ölkəmiz üçün ayrılmış xüsusi otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.

Azərbaycan guşəsində təşkil olunmuş kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.

Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri  göstərilib.

Builki sərgidə Heydər Əliyev Azərbaycan  Mədəniyyət Mərkəzinin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqlarının master kursları təqdim edilib, onlar canlı olaraq milli suvenirlərimizi praktiki olaraq hazırlanma prosesini təqdim ediblər.

Azərbaycan stendinə maraq böyük olub, guşədə Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı bir sıra milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, Mədəniyyət Festivalında Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, İndoneziya, Koreya, Çin, Qazaxıstan və başqa ölkələr öz mədəniyyət stendlərini təqdim ediblər.