Azərbaycan XİN üçtərəfli görüşlə bağlı məlumat yaydı

11:09 - 7.04.2022


7 aprel, Fineko/abc.az. 6 aprel 2022-ci il tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Azərbaycan XİN-dən ABC.AZ-a daxil olan məlumata görə, tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub.

Görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 9/10 noyabr üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib.

Görüş nəticəsində Aİ Şurasının Prezidenti bəyanat ilə çıxış edib.

Görüşdə iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb.

 

Bütün xəbərlər