Avtobuslarda gediş haqqı 85 qəpik olacaq? - 19 şirkət Tarif Şurasına müraciət edib

12:30 - 12.04.2022


12 aprel, Fineko/abc.az. Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı fikirlər dolaşır. Sosial şəbəkələr və yerli mətbuatda da gediş haqqının 70 qəpiyədək qaldırılacağı ilə bağlı iddialar səsləndirilir.

Avtobuslarda gediş haqqı qaldırılacaqmı? Bəs BNA qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edibmi?

ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı  yerli mətbuata açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.

O, bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: “İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bu barədə özəl şirkətlər müvafiq qurumlara müraciət edib”. Buna baxmayaraq qiymətlərin azlığından narazı olan 19 şirkət rəhbərliyi İqtisadiyyat Nazirliyinə müraciət edib. Belə ki, mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif Şurasına, iqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlanıb. Şirkətlərin kollektiv şəkildə imzaladığı müraciətdə qeyd edilib ki, hər şeyin qiyməti qalxdığı kimi, ehtiyat hissələrinin də qiyməti 5 dəfə bahalaşıb. Eləcə də sığortanın və yanacağın qiyməti artıb. Bundan başqa, şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Şirkətlır qiymətin maksimum 85, minimum 40-50 qəpik olmasını istəyirlər. Məsələyə Tarif Şurası da aydınlıq gətirib. Şuradan qeyd edilib ki, gediş haqlarının artırılması gündəmdə olmadığı üçün bu barədə müzakirə aparılmır: “Hazırda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi gündəmdə deyil”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər