Ötən 3 ayda mehmanxanaların əldə etdiyi gəlirləri açıqlanıb

26.04.2022,15:19


26 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayının 435,3 min olması ilə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olmuşdur ki, onun da 54,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8 faizi ictimai iaşə xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 10,9 faiz səviyyəsində olub (2021-ci ilin yanvar-mart aylarında 7,8 faiz) (birdəfəlik tutumunun 89,1%-i istifadəsiz qalıb). Bu göstərici Şabranda 85,5 faiz, Qubada 29,6 faiz, Beyləqanda 28,0 faiz, Qusarda 27,2 faiz, Naftalanda 26,4 faiz, Ağcabədidə 20,5 faiz, Göyçayda 17,7 faiz, Sabirabadda 17,7 faiz, Qəbələdə 15,3 faiz, Bakıda 14,0 faiz, Lənkəranda 13,9 faiz, Bərdədə 11,9 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı təşkil edib.