Azərbaycanda aksiz markasız tütün məmulatlarının satışı ilə məşğul olan ticarət obyektlərinin sahibləri saxlanılıb

12:49 - 11.05.2018


11 may, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi pərakəndə satış məntəqələrindən markasız və ya saxta malların aşkarlanması və çıxarılması üçün tədbirlər görməyə davam edir.

Vergilər Nazirliyinin məlumatında deyilir ki, ötən günlərdə bu kimi faktlar 15 ticarət  məntəqəsində aşkarlanıb.

“Ölkəyə qeyri-qanuni yolla idxal olunan aksizsiz malların reallaşdırılması ilə məşğul olan cinayətkar qruplar geniş şəbəkə yaradaraq, ticarət şəbəkələrini belə məhsullarla təchiz etmək üçün məhsulların müxtəlif çatdırılma üsullarını yaradır, bu məhsulların satışı üçün köşklərdən və nəqliyyat vasitələrindən istifadə edir”, - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu kimi növbəti fakt Bakının Xəzər rayonunda, B.Hüseynova məxsus fərdi yaşayış evində aşkar olunub. Oradan  40.672 qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb.

Vergilər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, eləcə də Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib.

Keçirilmiş yoxlamalar nəticəsində yeri müəyyən edilmiş 29 ticarət obyektində, qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları aşkarlanıb.

“Faktlar üzrə cinayət işləri açılmışdır.  Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun ortağı Y.Əhmədov, ticarət köşkləri səbəkəsinin sahibləri olan H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər