Azərbaycanda icra hakimiyyətləri ləğv edilir?

14:58 - 6.05.2022


6 may, Fineko/abc.az. Ötən həftə Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyətlərinin ləğvinin anonsunu verib.

Prezident azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik təsistatının simasında yeni idarəçilik modelinin sınaqdan keçirildiyini və digər ərazilərdə də bunun tətbiq olunacağını bildirib.

“Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”, – dövlət başçısı vurğulayıb.

İcra hakimiyyətlərinin ləğvi nə vaxta planlaşdırılır? Yeni idarəetmə sistemindən gözləntilər nələrdir?

ABC.AZ Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikrincə, bütün sahələrdə olduğu kimi, idarəetmə strukturlarında da islahatın həyata keçirilməsi zamanın tələbidir. Komitə sədri bu istiqamətdə bir çox işlərin görüldüyünü bildirib.

“İki rayonun icra hakimiyyətlərinin ləğvi, digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə ölkə başçısının səlahiyyətli nümayəndəliklərinin yaradılması və ora nümayəndələrin təyin edilməsi onu deməyə əsası verir ki, islahatlar sistemli şəkildə davam etdiriləcək. Ancaq burada bir çox düşünüləsi məqamlar var. Əlbəttə, bu gün tez bir zamanda bütün icra hakimiyyəti orqanlarını ləğv etmək müəyyən problemlərə səbəb ola bilər. Hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə effektiv idarəçilik bərqərar olmalı, yeni strukturlar yaradılmalıdır. Bu öz nəticələrini verdikdən sonra ölkənin digər hissələrinə də şamil oluna bilər”, - deyə komitə sədri islahatların gözləntilərini dilə gətirib.

Bütün xəbərlər