Ölkədə torpaqların şoranlaşmasının qarşısı alınır

10:04 - 10.05.2022


10 may, Fineko/abc.az. Mütəmadi olaraq kollektorların lildən təmizlənməsini həyata keçirən Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı idarəsi balansında olan 5 ədəd nasos stansiya vasitəsilə qrunt sularını ərazilərdən kənarlaşdırır. Bu nasos stansiyalar hesabına ilin əvvəlindən bu günə qədər 266 min kub metr qrunt suları ərazidən kənarlaşdırılıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-dən ABC.AZ-a verilən məlumata görə, 2022-ci ilin 1-ci rübü ərzində Kürdəmir rayonu ərazisində olan kollektorlarda 72 min kub metr, Zərdab rayonu ərazisində 62 min, Ağsu rayonu ərazisində 45 min kub metr lildən təmizləmə işləri yerinə yetirilib.

Ümumilikdə isə idarə kollektorlarda 179 min kub metr lildən təmizləmə işlərini reallaşdırıb.

Qeyd edək ki, 2021-ci ildə illik plana əsasən Zərdabda 1, Kürdəmirdə 1 və Ağsu rayonu ərazisində 1 ədəd sukeçirici əsaslı təmir edilib. Bundan başqa 78 ədəd hidrotexniki qurğu, 2 ədəd hidrometrik post və 5 ədəd meliorativ nasos stansiyasında cari təmir işləri yerinə yetirilib.

Ötən il ərzində ümumi olaraq 1600 min kub metrə yaxın kollektorların lildən təmizlənməsi işləri görülərək tamamlanıb.

Bütün xəbərlər