Bankirə verilmiş bəraət hökmü ləğv edildi

11.05.2022,16:43


11 may, Fineko/abc.az. Bakı Ağır Cinayətlər Məhkəməsinin “AtraBank” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi üzrə (mənimsəmə və ya israf etmə) verdiyi bəraət hökmü ləğv edilib.

ABC.AZ Qafqazinfo-ya istinadəb xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində bankirə yeni hökm oxunub.

O, qeyd edilən maddə üzrə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun daha əvvəl 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə ittiham edilərək aldığı cəza da nəzərə alınaraq, E.Nəbiyevə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, bu proses 2018-ci ildən sonra 4 il uzanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin E.Nəbiyevə 179.3.2-ci maddə ilə bəraət verməsindən sonra prokurorluq Bakı Apellyasiya Məhkəməsinə protest verib. Lakin məhkəmə protesti təmin etməyib. Daha sonra prokurorluq hökmdən Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

Birinci instansiya məhkəməsində prokuror Elmixan Nəbiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.