Bilgəh qəsəbəsində sudan qanunsuz istifadə halları aşkarlanıb

12.05.2022,15:48


12 may, Fineko abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Sabunçu rayonunun Bilgəh qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

ABC.AZ  xəbər verir ki, Bilgəh qəsəbəsi Albalılıq massivində yerləşən istixanada içməli sudan qanunsuz istifadə halı müəyyən edilib. Əvvəllər sudan qeyri-qanuni istifadəyə görə akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi təkrar qoşulma etməklə qanunazidd əməllərinin davam etdirib. 

Bilgəh qəsəbəsi Albalılıq massivində yaşayan bəzi sakinlər texniki şərt olmadan, tikinti norma və qaydalarına uygun olmayaraq su xətləri çəkiblər. Onlar təzyiq yaratmaq məqsədilə xəttin üzərində bölüşdürücü çənlər quraşdırıblar və suyu evlərə həmin çənlər vasitəsilə paylayıblar. Ərazidəki fərdi yaşayış evlərinin əksəriyyəti sayğac quraşdırmadan sudan uçotsuz istifadə ediblər. Bununla yanaşı, “Azərsu” əməkdaşlarına qapı açmayan sakinlər muqavilə bağlamaqdan imtina edirlər. Aşkarlanmış qeyri-qanuni xətlər ləgv olunub.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Açar sözlər: Azərsu