Bu ayın sonu quru sərhədləri açıla bilər - Deputatdan vacib açıqlama

17:13 - 12.05.2022


12 may, Fineko/abc.az. "Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədləri açmaq, gediş-gəlişi bərpa etmək fikri var”.

ABC.AZ xəbər verir ki, bu sözləri yerli KİV-ə quru sərhədlərin açılması məsələsinə münasibət bildirərkən millət vəkili Musa Quliyev deyib.

Deputat artıq sərhədləri açmağın mümkün olduğunu bildirib: “Azərbaycanda əsasən yay ayları turizm sezonu sayılır, turistlər də öz işlərini planlamalıdırlar. Əlaqələr möhkəmlənməli, insanlar digər ölkələrə işləri ilə əlaqədar getməli, iş adamları bura gəlməlidirlər. Rusiya, Türkiyə ilə insanlarımızın əlaqələri var, onların gediş-gəlişləri yaxşılaşdırılmalı, rahatlanmalıdır. Mən hesab edirəm ki, daha bir təhlükə yoxdur, qonşu ölkələrdə də pandemiya sona yetmək üzrədir. Məncə, sərhədləri açmaq olar. Payız vaxtına bəzi hallar təkrar olunmasa, artıq biz pandemiyadan qurtarmış sayılacağıq”.

Milli Məclisin üzvü deyib ki, ölkədə karantinin müddətini uzatsalar da, quru sərhədləri müəyyən variantlarla açmaq olar: “Karantini uzada, amma sərhədləri aça bilərlər. Sərhəddə tibb məntəqələri, yoxlamalar təşkil edə bilərlər. Yəni bunun variantları var. Sərhədi tam qapatmaq yox, yarıaçıq rejimə də keçirmək olar”.

Bütün xəbərlər