D vitamini şəkərli diabetə qarşı

17:05 - 14.05.2018


Şəkərli diabet xəstəliyi epidemiya sürətilə dünyada yayılaraq artır. Son illərdə yaş həddinin xeyli cavanlaşması və xüsusilə də uşaqlar arasında yayılma sürətinin artması Dünya Səhiyyəsinin gündəmini məşğul edir.

Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?

1.         Susuzluq;

2.         Tez-tez sidiyə getmə;

3.         Çəki itirmə;

4.         Sidik yollarının infeksiyası;

5.         Bulanıq görmə;

6.         Qaşınma;

7.         Yorğunluq;

8.         Dəridə və ağızda quruluq;

9.         Ayaqlarda keyimə.

Şəkərli diabet insulin sintezinin və ya orqanizmin öz insulinə həssaslığının azalması nəticəsində meydana gələn xəstəlikdir. İnsulin sintezinin azalması və ya olmaması nəticəsində yaranan diabet I tip və ya İnsulindən asılı diabet, insulinə həssaslığının azalması nəticəsində yaranan diabet isə II tip və ya insulindən asılı olmayan diabet adlanır.

Normada insulin qida ilə orqanizmə daxil olan və ya mübadilə nəticəsində əmələ gələn artıq qlükozanı (şəkəri) toxumalara daşıyaraq enerji mübadiləsində sərfinə və ya ehtiyat halında toplanmasına xidmət göstərir. İnsulin olmadıqda və ya azaldıqda qlükoza qanda toksiki (zərərli) həddə çatır və toxuma və orqanları zədələməyə başlayır.

Diabetin yaranması və ya ağırlaşmalarının qarşısının alınması məqsədilə müxtəlif araşdırmalar aparılır. Son illərdə diqqət Vitamin D-nin üzərində cəmləşib. Xüsusilə II tip diabetin yaranması və ağırlaşmaların inkişafında D vitaminin çatışmazlığının böyük rol oynaması məlum olmuşdur.

Amerikanın «National Health and Nutrition Examination Survey» (NHANES) –ın genişmiqyaslı araşdırmaları nəticəsində Vitamin D ilə şəkərli diabetin ciddi ağırlaşması olan neyropatiyanın birbaşa əlaqəsi olduğu sübut olunub. Alimlərin diqqətini mədəaltı vəzdə xüsusi VDR reseptorunun kəşf olunması cəlb etmişdir. Ehtimal olunur ki, D vitamini hüceyrələrin insulinə həssaslığını artırır, insulinə rezistentliyin yaranmasının qarşısını alır.

Digər bir nəzəriyyəyə görə isə D vitaminin azlığı ilə piylənmə bilavasitə bağlıdır. Piylənmə isə diabet üçün əsas risk faktorudur.

D vitamininin 20 nq/ml-dən aşağı olması 74% hallarda metabolik sindroma səbəb olur! Metabolik sindrom isə Şəkərli diabetin səbəblərindən biridir. Belə ki, metabolik sindrom zamanı maddələr mübadiləsi, xüsusilə karbohidrat mübadiləsi pozulur, çəki və arterial təzyiq yüksəlir.

Finlandiya mütəxəssislərinin apardıqları araşdırmalar sübut edir ki, yenidoğulmuşlarda D vitaminin səviyyəsinin 19 nq/ml-dən az olması I tip diabetin yaranmasına səbəb olur. D vitaminin səviyyəsinin 19 nq/ml-dən az olan 12000 yenidoğulmuşa müalicəvi dozada Vitamin D verməklə diabet riskinin xeyli azaldığı sübut olunmuşdur.

D vitaminin çatışmazlığı hamilələrdə hestasion diabet və ya hamiləlik diabeti kimi ciddi patologiyaya da səbəb ola bilər.

Nə etməli?

Artıq çəki probleminiz varsa mütləq qanda D vitaminin səviyyəsini öyrənin!

Ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə şikayətləri varsa mütləq həkimə müraciət edin!

Sürətlə kökəlmə və ya çəki itirmə varsa qanda şəkərin səviyyəsini yoxlatdırın!

Yayda günəş vannaları, qışda D vitamini preparatları qəbul edin(həkim məsləhəti ilə)!

Gündəlik rasionunuza D vitamini ilə zəngin qidalar-balıq, kürü, balıq yağı, yumurta, süd və süd məhsulları, göbələk, kartof,  mütləq əlavə edin.

Bütün xəbərlər