Təxminlərimə görə maksimum 3 aylıq taxıl ehtiyatımız qalıb - Ekspert

12:33 - 20.05.2022


20 may, Fineko/abc.az. Dünyada ərzaq, xüsusən taxıl böhranı güclənir. Bir çox dövlətlər xeyli taxıl depolayıb. Bizdə də, ərzaq təhlükəsizliyi tələbi ilə 1 milyon tona yaxın (ən azı 800 min ton) taxıl ehtiyatı olmalıdır. Lakin hazırda ehtiyatın nə qədər olduğu haqda heç bir məlumat yoxdur.

ABC.AZ xəbər verir ki, bunu ekspert Elçin Bayramlı bildirib.

O Taxıl Fondunu ehtiyatın həcmi ilə bağlı konkret açıqlama verməyə çağərıb.

"Yerli istehsal ideal halda belə tələbatın yarısını ödəyə bilmir. Üstəlik Taxıl Fondu yerli buğdanın keyfiyyətsiz olduğunu deyib götürmürdü. İndi necə edəcək, bu "keyfiyyətsiz" buğdanı götürəcək, yoxsa başqa planetdən taxıl idxal edəcəyik? İndi idxalçı monopoliyası ölkəni xilas edə biləcəkmi, hansısa ölkədən taxıl ala biləcəkmi? Bu artıq demək olar ki mümkün deyil. Qlobal taxıl istehsalı azalır, gözlənilən quraqlıq və su böhranı vəziyyəti daha da pisləşdirəcək. İri ixracatçılar artıq ixracı dayandırıblar. Yerli istehsalı qoyub idxalçıların ümidinə qalanda belə olacaqdı. Taxıl Fondunun açıqlamadan yayınması şübhələri artırır. Təxminlərimə görə maksimum 3 aylıq taxıl ehtiyatı var, taxıl biçininindən sonra daha 3 aylıq ehtiyat yaradıla bilər. Əgər gözlənilən quraqlıq və su böhranı baş versə, bu da mümkün olmaya bilər. İlin sonuna vəziyyət qəliz olacaq. Aqrarda sürətli proqram başlamalı, bütün mümkün imkanlarla ərzaq ehtiyatı artırılmalıdır. Mümkün olan texniki sahələrdə (məsələn pambıqçılıq) ərzaq əkilməsinə keçilməlidir. Taxıl əkinlərini azı 50 faiz artırmaq lazımdır. Digər ərzaq məhsullarının qış mövsümünə saxlanması üçün təcili olaraq xeyli soyuducu anbarlar yaradılmalıdır. Kiçik və orta fermerlərə dəstək artırılmalıdır. Subsidiyalar, güzəştlər çoxaldılmaldır" deyə Elçin Bayramlı qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər