Türkdilli dövlətlər sığorta sahəsində də anlaşdı - Birlik yaradılır

25.05.2022,10:15


25 may, Fineko/abc.az. Azərbaycan da daxil olmaqla 6 türkdilli dövlətin sığorta birlikləri arasında əməkdaşlıq sazişi imzalanıb.

Bunu ABC.AZ-a Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev Türkiyədə keçirilən toplantının dəyərləndirməsini apararkən deyib.

O qeyd edib ki, bu, Türk Dünyası Sığorta Birliyinin qurulmasını təsdiq edən sənəddir.

"Birliyə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın sığortaçılar assosiasiyaları üzvdürlər. Əvvəla onu qeyd edim ki, Türk Dünyası Sığorta Birliyinin yaradılması ilə bağlı ortaq razılıq və birgə təşəbbüs Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunub. Bu birliyin yaradılmasında başlıca məqsədlər birliyə üzv olan türkdilli ölkələrin sığorta bazarlarının dinamik inkişafının təmin olunması, kadr, təcrübə və məlumat mübadiləsinin təşkil edilməsi, ortaq sığorta hovuzunun yaradılması və bununla paralel olaraq təkrarsığorta imkanlarının formalaşdırılmasıdır. Belə bir birlik dünyada ilk dəfədir ki, yaradılır", - deyə ASA sədri bildirib.

Müəllif: Elmir Murad