Beş ayda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 28 milyon manat vəsait ödənilib

16:57 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 17,7 milyon manatdan çox olub.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edilib.

Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ilin ilk 5 ayı ərzində ümumilikdə 1 539 yeni icarə müqaviləsi bağlanılıb.

Bundan 393-ü qeyri-yaşayış sahələri üzrə, 1 146-sı isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə yeni icarə müqaviləsi 987 ədəd və ya 2,8 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin ilk 5 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 10,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 28 milyon manat vəsait büdcəyə ödənilib.

 

 

Bütün xəbərlər