Buzovna qəsəbəsində qanunsuzluqların aradan qaldırılmasına başlanılıb - Detallar

14:51 - 22.06.2022


22 iyun, Fineko/abc.az. Dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtı ilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanması, sahilə keçidlərin bağlanması, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib.

Bu da haqlı narazılıqlara səbəb olur. Bakı Şəhər İcra Hakimiyyətindən ABC.AZ-a verilən məlumata görə, bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər.

Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib. Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanılıb. Zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülür. Həmçinin kommunal xidmətlərin işçiləri tərəfindən qayalıq ərazilərinin müxtəlif tullantılardan təmizlənməsinə başlanılıb.

Bütün xəbərlər