"Bakı Ayaqqabı Fabriki" ASC özəlləşdiriləcək

17:30 - 24.06.2022


24 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Ayaqqabı Fabriki" ASC-nin nizamnamə kapitalının azaldılmasının səbəblərinə aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, Azərbaycan Prezidentinin 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisə və obyektlər, o cümlədən “ASK Ayaqqabı” MMC özəlləşdirməyə açıq elan edilib və Əmlak Məsələləri Dövlət Xidmətinə həmin müəssisələrin özəlləşdirilməsi ilə bağlı zəruri təbirlərin həyata keçirilməsi həvalə edilib:

"Müvafiq sənədlər tam hazırlandıqdan sonra müəssisənin nizamnamə kapitalı və satış üsulları müəyyənləşdirilərək, yeni adda açıq səhmdar cəmiyyəti təsis edilir.

“ASK Ayaqqabı” MMC-yə münasibətdə, müəssisənin əsasında yeni hüquqi şəxs – “Bakı Ayaqqabı fabriki” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və onun nizamnamə kapitalı son dövrün maliyyə və iqtisadi göstəriciləri əsasında müəyyən edilib. Daha aydın olması üçün vurğulamaq istərdik ki, bu zaman müəssisənin əsas vəsaitlərinin, bina, tikili, qurğu və digər aktivlərinin aşınma nəzərə alınmaqla mövcud bazar dəyəri, debitor və kreditor borcları, anbardakı xammal, material və hazır məhsullar, hesablaşma hesabındakı vəsait, bağlanmış və icrası davam edən müqavilələr və digər amillər nəzərə alınır".

Bütün xəbərlər