Ballıqaya, Bənövşəli və Kürəkçay mənbələrinə dəyən ziyan aradan qaldırılır - Foto

16:45 - 29.06.2022


29 iyun, Fineko abc.az. Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Göygöl rayonlarında şəhər mərkəzlərini və bəzi kəndləri içməli su ilə təmin edən Ballıqaya, Bənövşəli və Kürəkçay  mənbələrinə ciddi ziyan vurub.

ABC.AZ xəbər verir ki, “Azərsu” ASC tərəfindən qısa müddətdə qurğuda təmizləmə işləri aparılaraq suyun verilişi bərpa olunsa da, iyunun 25-də selin təkrarlanması emal prosesinin yenidən dayanmasına səbəb olub. Nəticədə, Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılıb.

Əraziyə xüsusi texnika və maşınlar cəlb olunaraq təmir-bərpa işlərinə başlanılıb. Artıq qurğunun bir hissəsi təmizlənib. Goranboy, Naftalan şəhərlərinə və Ağcakənd qəsəbəsinə, eləcə də bir sıra kəndlərə içməli  suyun verilməsi qismən bərpa olunub.

Sel və daşqınlar  Göygöl şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Kürəkçay və Bənövşəli mənbələrinə də ziyan vurub. Selin gətirdiyi lil və bərk maddələr qurğularda emal proseslərinin dayanmasına səbəb olub.  Hazırda mənbələrdə təmir-bərpa işləri davam etdirilir. Artıq Bənövşəli mənbəyinin fəaliyyəti bərpa edilib, Kürəkçay mənbəyində isə işlər davam etdirilir.

 “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, regional sukanal idarələrinin nümayəndələri su mənbələrinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün hər iki rayona sudaşıyan nəqliyyat vasitələri səfərbər olunub və mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar. 

https://www.youtube.com/watch?v=NrGeavX3E68


Bütün xəbərlər