Rusiya Qazaxıstanın Avropaya neft ixrac edən əsas terminalını bağlayıb

14:23 - 6.07.2022


6 iyul, Fineko/abc.az. Rusiyanın Novorossiysk şəhərinin Primorski rayon məhkəməsinin qərarı ilə Xəzər Boru Kəməri Konsorsiumu Rostransnadzor tərəfindən müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün dəniz terminalının fəaliyyətini 30 gün müddətinə dayandıracaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Xəzər Boru Kəməri Konsorsiumunun təhlükəli istehsalat obyektlərinin texniki vəziyyətinin və onların istismarı zamanı ekoloji tələblərə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mart ayında Baş nazirin müavini Viktoriya Abramçenkonun təşəbbüsü ilə keçirilən auditin nəticəsi olaraq Rostransnadzor bir sıra sənədli pozuntular aşkarlayıb.

İyunun 6-da aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün konsorsiuma əmr verilib, İnzibati Xətalar Məcəlləsinin 14.1.2-ci maddəsinin 4-cü hissəsi (lisenziyada nəzərdə tutulmuş şərtləri kobud şəkildə pozmaqla nəqliyyat sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmə) ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin əsas ixrac marşrutudur və boru kəməri ilə nəql olunan neftin həcmininin 80%-dən çoxunu təşkil edir. Kəmərin gücü ildə 67 milyon ton neftdir.

Bütün xəbərlər